Kateqoriyasız

“Tək Adam rejiminin staqnasiyası davam edir”

Azərbaycanda növbəti Prezident seçkiləri neçə keçdi və nə ilə yadda qaldı?

2024-cü il 70-dən çox ölkədə seçki ilidir. Bu il dünya əhalisinin yarısından çoxu ölkəsinin müqəddəratını həll edəcək namizədləri seçmək uğrunda və qanunların tənzimlənməsinə görə səs verməli olacaqlar. Azərbaycan xalqı da il başlar-başlamaz növbədənkənar Prezident seçkisində səsvermə hüququndan istifadə etməli oldu.

Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisinin nəticələri rəsmi məlumatda hazırkı dövlət başçısı İlham Əliyevin 92.12 faiz səs toplaması ilə qeyd olundu.



Əvvəlki seçkilərdən fərqli olaraq, MSK-nın məlumatında İlham Əliyevin ilk dəfəydi 90+ səs topladığı bildirilirdi. Belə ki, MSK onun 2018-ci ildə 86.02 faiz, 2013-cü ildə 84.54 faiz, 2008-ci ildə 88.73 faiz, 2003-cü ildə 76.84 faiz topladığını qeyd etmişdi.

2003 və 2013-cü il seçkilərində müxalifət də seçki yarışında iştirak etdiyindən həmin seçkilərdə Əliyevin nəticələri digər illərdəki seçki yarışlarından bir qədər azdır. 2003-cü il Prezident seçkisində Müsavat Partiyasının başqanı İsa Qəmbər, AMİP sədri Etibar Məmmədov və Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva Əliyevə qarşı müxalif namizəd idi. 2013-cü il seçkisində isə müxalifət vahid namizəd kimi Milli Şuranın sədri Cəmil Həsənlini dəstəklədi.

Bu il müxalifət seçkilərdə iştirak etmədi.Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları bunu bərabər rəqabətli seçki imkanının olmaması və siyasi repressiyaların davam etməsi ilə izah etdilər.

Foto: Meydan TV

“Uzun müddətdir ki, ölkədə demokratik seçkilərin keçirilməsinə imkan verən demokratik mühit mövcud deyil. Belə ki, 200-dən artıq siyasi məhbus var, sərbəst toplaşma azadlığı demək olar ki, ləğv olunub, söz və ifadə azadlığı təqib altındadır. Təbii ki, belə olan şəraitdə və xüsusilə bərabərhüquqlu siyasi rəqabətin olmadığı şəraitdə hər hansı bir demokratik seçkilərin keçirilməsi qeyri-mümkündür. Bundan başqa, seçkilərin demokratikliyi üçün vacib olan ən ciddi amillərdən biri qanunvericilik bazasıdır. Azərbaycanın Seçki Məcəlləsi demokratik seçkilər keçirməyə imkan vermir. Mən yalnız bir məqama toxunmaq istəyirəm, yalnız seçki komissiyalarının formalaşması qaydası və seçki komissiyalarının tam şəkildə hakim partiyanın, hakim siyasi qüvvənin nəzarəti altında olması artıq bu seçkilərin demokratikliyinə imkan vermir”, – Müsavat başqanı Arif Hacılı artıq seçkilərdən sonra Meydan TV-yə müsahibəsində dedi.  

Seçki pozuntuları: mediaya maneələr, „karusel“, qutulara topa bülletenlər

Əlbəttə, əvvəlki seçkilərdə olduğu kimi seçki günü də pozuntularla müşahidə edildi. Amma bu pozuntuların əsası seçkidən xeyli əvvəl, media və siyasi partiyalar haqda qanunlar qəbul ediləndə qoyulmuşdu.

Foto: AnadoluReuters

Məsələn, media haqda yeni qanunvericilik jurnalistlərin reyestrdən keçməsi tələbini qoyduğundan seçki məntəqə komissiyaları bundan istifadə etdilər. Konkret olaraq, müstəqil jurnalist Lida Abbaslıya seçki günü səhər saatlarında 8 saylı dairənin 36 saylı məntəqəsində (276 nömrəli məktəb) çəkiliş aparmağa izin verilməyib. Jurnalist bildirib ki, içəri girəndə ona kimsə mane olmayıb. Sonradan onun müşahidəçi yox, jurnalist olduğu anlaşılanda məntəqədən kənarlaşdırılıb: 

“Əvvəlcə bir nəfər kişi yaxınlaşdı, kim olduğumu soruşdu. Dedim ki, jurnalistəm, prosesi işıqlandırmağa gəlmişəm. Gedib bir qadını çağırdı. Heç hansı media qurumdan olduğumu belə soruşmadan, çəkiliş edə bilməyəcəyimi deyib, məntəqədən qovdular”. 

Lida Abbaslı deyir ki, nə qədər izah etməyə çalışsa da, onu dinləyən olmayıb: 

“Jurnalistəm, çəkiliş üçün izin almalı deyiləm dedim, fikir vermədilər. Məcbur, çəkilişə məntəqənin qarşısında davam etməli oldum. İçəridən heç bir görüntü götürə bilmədim”. 

Media sahəsi üzrə hüquqşünas Ələsgər Məmmədli jurnalistin seçki məntəqəsindən kənarlaşdırılmasını qanunsuz və qeyri-hüquqi davranış adlandırıb:

“Çünki Azərbaycanda medianın seçkidə iştirakı Seçki Məcəlləsi ilə tənzimlənir. Məcəlləsinin 40.8, və 43-cü maddələrində bu hüquq bütün KİV-lərə tanınıb”.

Baxmayaraq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov elə seçki günü jurnalistlərə səslənərək, məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırmışdı, oxşar maneələr təkrarlandı. 

“Turan” İnformasiya Agentliyi yazırdı ki, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu məntəqəsində jurnalistlərlərə Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilməyib. 29 saylı Sabunçu IV seçki dairəsinin 19 saylı seçki məntəqəsində də jurnalistlərin fəaliyyətinə maneçilik yaradılıb. Yasamal rayonunun 3-cü seçki dairəsində “Turan”-ın müxbirini 8, 13, 12 və 29-cu məntəqələrə buraxmayıblar.

Yaxud seçki günü Bakının 310 və 80 nömrəli məktəblərindəki seçki məntəqələrində internetin verilməsində məhdudiyyətlər yaranıb. Jurnalistlərin bildirdiyinə görə, nəinki seçki məntəqələrində və xeyli kənarda da video çəkilişləri, hətta “WhatsApp” üzərindən səs yazılarını göndərmək mümkün olmayıb. 

“Kavkazski Uzel”in “Əliyevin repressiyalar və saxtalaşdırmalar fonunda qələbəsi” adlı videosu

Meydan TV-nin Füzulidəki əməkdaşı isə 1 gün əvvəl, fevralın 6-dan rayonda internetin verilməsində məhdudiyyətlərin yarandığını bildirmişdi: 

“İstifadə etdiyim hər iki mobil operator “Nar” və “Bakcell”in interneti işləmədi. Hətta “Bakcell” rouminqə keçdi. Təxminən bir saat sonra internet bərpa olunsa da, verilişi çox zəif idi”.

Foto: Meydan TV

Amma Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Meydan TV-yə bildirdi ki, internetin xidmətinə müdaxilə edilməsi ilə əlaqədar şikayət almayıb. 

“Mən 310 və 80 nömrəli məktəblərlə əlaqə saxladım. Bildirdilər ki, internetin verilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, belə bir problemin olması mümkün deyil”, – MSK sözçüsü dedi.

Seçki günü bir sıra məntəqələrdə qutulara topa bülletenlərin atılmasının, “karusel” hallarının videogörüntüləri yayılıb, məsələn, 23 saylı dairənin 3-cü məntəqəsində belə yaşanıb.

ATƏT-in Seçki Müşahidə Missiyasının ilkin rəyi: 113 məntəqənin yarıdan çoxunda (61) səslərin sayımı mənfidir

Seçkidən 1 gün sonra, fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) ilkin rəyini açıqlayıb. 

Sənəddə 113 məntəqənin yarıdan çoxunda (61) səslərin sayımı mənfi qiymətləndirilib:

“Müşahidəsi aparılan məntəqələrin təxminən yarısında (53) səslərin sayılmasının şəffaflığı pozulub, 36 halda müşahidəçilərin heç də hamısı bülletendəki seçici işarələrini aydın görə bilməyib və 29-da isə hesablama prosedurlarını izləyə bilməyiblər. Müşahidəsi aparılan məntəqələrin beşdə birində (26) BSMM müşahidəçiləri səslərin sayılması prosedurlarını məhdudiyyətsiz müşahidə edə bilməyiblər, 21 halda MnSK tərəfindən onlara tam əməkdaşlıq nümayiş etdirilməyib və bir neçə halda protokolların doldurulması prosesi başlaması səbəbi ilə BSMM müşahidəçilərindən seçki məntəqəsinin binasını tərk etmələri tələb olunub. Müşahidəsi aparılan məntəqələrin 25-də komissiya üzvləri tərəfindən uzun fasilələr verilmiş və 9 halda bu fasilələr zamanı materiallar müşahidəçilərin və nümayəndələrin tam nəzərində qalmamışdır. Protokolun surəti müşahidə edilən seçki məntəqələrinin yarısından azında (43) müvafiq qaydada dərc edilib”. 

Həmçinin rəydə deyilirdi ki, proses səmərəli şəkildə hazırlansa da, tənqidi səslər və siyasi alternativlər olmayıb. Bundan əlavə namizədlər arasında və bütünlükdə Azərbaycanın siyasi həyatında qadınların olmadığı qeyd edilib.

Foto: Meydan TV

DTİHB missiyasının rəhbəri Eoqan Mörfi keçirdiyi mətbuat konfransında vurğulayıb ki, ölkə üçün vacib olan bu seçkidə namizədlərdən heç biri hazırkı Prezidentə inandırıcı şəkildə etiraz etməyib: 

“Bəzi müxalifət partiyaları adekvat demokratik şəraitin olmadığını iddia edərək ümumiyyətlə iştirak etmədilər”.

“Seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, seçki günü mühüm təminatlara çox vaxt məhəl qoyulmur və biz gün ərzində əsaslı prosedur səhvləri müşahidə edirdik. Bu, demokratik seçki standartlarına uyğun deyil”, – Mörfi belə deyib.

DTİHB missiyasının rəhbəri Eoqan Mörfi onu da bildirib ki, yekun nəticəni 1 ay sonra açıqlayacaqlar və sənəddə tövsiyələr də yer alacaq.

Ancaq Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası, Türk Dövlətləri Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) seçkinin beynəlxalq standartlara, insan hüquqları konvensiyalarına, eyni zamanda, siyasi və mülki haqların tanınmasına uyğun olması barədə bəyanatlar yaydılar.

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası sədri Jakip Asanov keçirdiyi mətbuat konfransında deyib:

“Seçkilər zamanı gizli səsvermə üçün bütün şərait və azadlıq təmin edilmişdir. Beləliklə, Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir”.

ABŞ-ın Azərbaycandakı səfirliyi fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkisində həqiqi rəqabətin olmadığını qeyd edib. Səfirlik ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) monitorinq missiyasının mövqeyini və narahatlıqlarını bölüşdüyünü bildirib:

“Azərbaycan öz Konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib”.

Səfirlik hökumətə çağırış edib:

“Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Nazirlik Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən seçki şikayətlərinə baxılması üçün Ekspert Qrupunun yaradılmasını və seçkinin sakit keçməsini, məcburi köçkünlərin öz tarixi seçki dairələrində səs verə bilməsini alqışlayıb.

Bununla belə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi seçkinin məhdudlaşdırıcı, həqiqi siyasi alternativlərin olmadığı bir şəraitdə keçirilməsi ilə bağlı bir sıra narahatlıq doğuran məsələləri bölüşdüyünü açıqlayıb:

“Ciddi pozuntular müşahidə edilmişdir ki, onlardan bəziləri bir sıra insan hüquqları və əsas azadlıqları əks etdirən 1990-cı il Kopenhagen Sənədinə ziddir”.

“ATƏT-in DTİHB-i seçki proseslərinin ədalətli qiymətləndirilməsinin təmin edilməsində mühüm rol oynayır və Böyük Britaniya Azərbaycanı öz yekun tövsiyələrini dərc edildikdən sonra həyata keçirmək üçün təşkilatla işləməyə qətiyyətlə təşviq edir. Azərbaycan Böyük Britaniya üçün mühüm tərəfdaşdır və biz onların seçki islahatlarını və demokratik prosesin təkmilləşdirilməsini dəstəkləməyə hazırıq”, – deyə bəyanatda qeyd olunur.

Yerli təşkilatlar bəyanat yaydılar

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki günü məntəqələrin təşkili və səsverməyə hazırlıqla bağlı cüzi çatışmazlıqlar qeydə alsa da, səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqların müşahidə olunduğunu bildirib:

“Bu cür pozuntulara adları seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakı, səsverməyə vətəndaşların qrup halında gətirilməsi və yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi halları daxildir. Bəzi seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səsverməsi və səsvermənin gizliliyinin pozulması halları qeydə alınıb. Seçki günü həmçinin bəzi seçki məntəqələrində müşahidəçilərə və jurnalistlərə təzyiqlər qeydə alınıb. Bu təzyiqlər məntəqə seçki komissiyaları üzvlərinin səsvermənin aşkarlığı və şəffaflığı prinsiplərinə riayət etməməsi şəraitində baş verib”.

Foto: Meydan TV

SMDT hesab edir ki, Prezident seçkilərinin vaxtından 14 ay öncəyə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının fəaliyyətini çətinləşdirib:

“7 fevral növbədənkənar Prezident seçkiləri sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilərin tövsiyələrinin icrası üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməyib. Seçki ərəfəsində ölkədə ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı isə artıb. Nəticədə ötən bir il ərzində siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı siyasi təqiblər çoxalıb. Bununla da, vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların seçkidə fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb”.

Mərkəz həmçinin bildirib ki, seçki ölkədə seçkilərlə bağlı siyasi ehtiyaclar öyrənilmədən, seçkilərin dövriliyi prinsipi qorunmadan, bütün ictimai-siyasi tərəflər öncədən məlumatlandırılmadan təyin edilib:

“Son illərdə ölkədə siyasi durğunluq daha da dərinləşib, siyasi partiyaların sayı 2 dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar Prezident seçkilərində fəal iştirakı mümkün olmadığından seçkidə vətəndaşların azad iradəsini ifadə olunması təmin edilməyib”.

SMDT siyasi hakimiyyətə yönəlik tövsiyələrini də sadalayıb:

“İfadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnu təmin edilməsi yönündə siyasi iradə nümayiş olunmalı, ölkədəki siyasi durğunluğun aradan qaldırılması üçün siyasi opponentlərinə təzyiqləri dayandırmalı, azad media və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə dözümlü yanaşmalıdır. Siyasi motivlərlə həbs edilmiş ictimai fəallar, jurnalistlər və siyasi xadimlərin azad edilməsi təmin edilməli, ölkədə vətəndaş-dövlət münasibətlərinin inkişafı üçün əlverişli demokratik mühit yaradılmalıdır”. 

“Seçki Məcəlləsi və seçki təcrübəsinin Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosunun, habelə yerli ictimai-siyasi təşkilatların tövsiyələri əsasında təkmilləşdirilməsi yönündə siyasi iradə nümayiş etdirilməlidir. Seçki komissiyaları seçki günü qeydə alınmış pozuntu halları ilə bağlı səlahiyyətli şəxslərin məsuliyyətə cəlb olunması yönündə müvafiq qərarlarını ictimaiyyətə çatdırmalıdırlar. Seçki komissiyaları gələcəkdə seçki prosesində aşkarlığın təmin olunması ilə bağlı səylər nümayiş etdirməli, bütün vətəndaşlara seçki prosesini heç bir maneə olmadan müşahidəsi üçün şərait yaratmalıdır”, – SMDT bəyan edib.

Seçki Müşahidə Alyansı (SMA) fevralın 9-da yaydığı ilkin bəyanatında bildirib ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün illərdir təkrarən verilən yerli və beynəlxalq tösviyələr bu dəfə də icra olunmayaraq qalıb:

“2016-cı ildə Konstitusiyaya edilmiş qeyri-demokratik əlavələrdən istifadə edilərək seçkilərin erkən təyin olunması seçkilərin dövriliyi prinsipini pozub. Seçkilər ərəfəsində məhdudlaşdırıcı qanunlar, media və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər seçkilərin bütövlüyü üçün əhəmiyyətli olan insan hüquq və azadlıqlarının boğulmasına səbəb olub, azad və ədalətli seçki mühitini mümkünsüz edib”.

“Rəsmi rəqəmlər arasında seçicilərin sayı ilə bağlı uyğunsuzluqlar seçicilərin qeydiyyatı prosesində dəqiqliyi və şəffaflığı sual altına qoyub. MSK 7 fevralda keçirilən seçkidə 6476721 seçicinin qeydə alındığını bəyan edib. Ancaq seçicilərin sayı ilə bağlı şəffaflıq təmin olunmayıb. Belə ki, hazırkı rəqəm 2020-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı qeydə alınmış rəqəmdən əhəmiyyətli dərəcədə fərqlənib. Bundan başqa, MSK ilə Dövlət Statistika Komitəsinin seçici sayı ilə bağlı təqdim etdiyi məlumatlar arasında 2 milyondan çox fərq qeydə alınıb. MSK birinci uyğunsuzluğu COVID-19 pandemiyası və Ukrayna müharibəsi ilə əlaqədar ölkəyə qayıdan şəxslərin sayı ilə izah etsə də, ümumi mənzərədə uyğunsuzluqlar və əsaslı izahın çatışmaması bu məlumatların düzgünlüyünə və prosesin şəffaflığına dair şübhələr yaradıb”, – deyə qurum bildirib.

SMA  qeyd edib ki, ardıcıl 5-ci Prezident seçkisində qadın namizədin olmaması və seçki idarəçiliyində qadınların aşağı iştirakı ilə müşahidə edilib. Qadınların seçki komissiyalarında iştirakı iyerarxiya pillələrində yüksəldikcə azalır, rəhbər vəzifələrdə isə xüsusilə az qadınlara rastlanır. Etnik qrupların müxtəlif hesabatlarda əhalinin təxminən 10 faizini təşkil etdiyi bildirilsə də, seçki kampaniyaları zamanı onlarla bağlı məsələlərə toxunulmur. Bununla belə missiya prezidentliyə namizədlər tərəfindən heç bir etnik qrupu hədəf alan, zorakılıq və ya ayrı-seçkilik təşviq edən ritorika müşahidə etməyib.

Bu təşkilatlardan fərqli olaraq “Mənim səsim” Seçki Monitorinq Koalisiyası və “Sivil Toplum” Monitorinq Koalisiyası isə 7 fevral növbədənkənar Prezident seçkisini demokratik adlandırıb.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının yaydığı bəyanatda bildirilirdi ki, 3 qeyri-hökumət təşkilatı – “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti”, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi”, “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliklərinin təsis etdiyi “Mənim səsim” Seçki Monitorinq Koalisiyası 2023-cü ilin dekabrından başlayaraq, Azərbaycanda növbədənkənar Prezident seçkiləri prosesini fasiləsiz monitorinq edib:

“Koalisiyanın 500 nəfərdən çox seçki müşahidəçisi respublikanın bütün ərazisində – bütün bölgələrdə təmsil olunmaqla, seçki dairələrinin ümumi sayının 53,6 faizini təşkil edən 67 Seçki Dairəsində müşahidə aparılıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində səsvermə prosesinə heç bir müdaxilə halları olmadan azad, ədalətli, şəffaf şəkildə keçib; seçki məntəqələrində texniki təchizat, səsvermə kabinələri, səsvermə qutuları Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn tələblərə uyğun olub; seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səs vermələri üçün bütünlüklə təmin edilib; “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə, o cümlədən olduğumuz məntəqələrdə seçki prosesini izləyən beynəlxalq təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların müşahidəçilərinə, müstəqil müşahidəçilərə qarşı heç bir təzyiq, onların prosesi sərbəst izləməsinə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb”.

 “Sivil Toplum Monitorinq Koalisiyasi”nın tərkibinə daxil olan 3 QHT-nin nümayəndələrindən formalaşıb. Koalisiya Xankəndi, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Ağdərə, Xocavənd, Ağdam və Füzulidə də müşahidələr aparıb. Koalisiyanın həmsədri, “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov bildirib ki, seçkidə seçici fəallığı çox yüksək olub. Qeyd olunub ki, seçkilər azad, ədalətli və şəffaf keçirilib.

Seçkiyə qatılmayan partiyalar: “Gerçək seçki deyildi”

Seçkini boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 7 fevral növbədənkənar Prezident seçkisini gerçək seçki saymayıb. Partiyanın yaydığı bəyanatda bildirilir ki, MSK-nın hansı nəticələri açıqlamasından asılı olmayaraq, seçkilərin saxtalaşdırılması daxildə və xaricdə hamıya bəllidir.

Foto: Meydan TV

“Həqiqi seçkini şərtləndirən ilk amil rəqabətin olmasıdır. AXCP və Milli Şura, eləcə də Müsavat Partiyası həqiqi seçkilər üçün ölkədə heç bir şəraitin olmadığını əsas götürərək, bu seçkini boykot etdi. Təyin olunan “namizədlər” isə özlərini daha çox İlham Əliyevin vəkili kimi aparıblar. Təsadüfi deyil ki, “debatlar” və bütövlükdə seçki kampaniyasının özü xalqın arasında çoxsaylı lətifə və ironiya doğurub. Bu unikal davranış hətta ATƏT-in müşahidə missiyasının aralıq hesabatında da təəccüblə vurğulanır”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunur ki, seçki günü baş verənlər də eyni şəkildə imitasiyaya uğursuz cəhdlərdən ibarətdir: 

“Yalnız inzibati yollarla insanları saxta səsvermə prosesinə cəlb etməyə çalışıblar. Dövlət büdcə təşkilatlarında, hətta özəl sektorda işləyən şəxslərə seçkidə iştirak etməklə bağlı bu dəfə daha çox təzyiq edilib. Seçkidə iştirak etməyən şəxslər işdən çıxarılmaqla açıq təhdid edilib. Süni seçici fəallığı görüntüləri üçün əvvəlki seçkilərdə də istifadə etdikəri “karusel” əməliyyatını daha da gücləndiriblər. Sosial şəbəkələrdə karuselə cəlb olunan qrupların səs verəcəkləri məntəqələr və səsvermə vaxtını ifadə edən çoxsaylı qrafiklər yayılıb”. 

AXCP bəyan edib ki, 7 fevral tarixində keçirilmiş Prezident seçkiləri tam rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyi üçün gerçək seçki olmayıb, elan edilən nəticələr xalq iradəsinin ifadəsi deyil və qeyri-legitimdir.

Müsavat Partiyası bəyanatında növbədənkənar seçkinin əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan elan olunduğunu bildirib. Müsavat bəyan edib ki, seçkilərin təyin edilməsinin səbəbləri də xalqa izah edilməyib: 

Foto: Meydan TV

“Seçkinin vaxtından 1 il 3 ay əvvəl günlərin qısa, tətillərin çox olduğu qış aylarına təyin edilməsi seçki kampaniyasının 2 ay, təşviqat kampaniyasının cəmi 21 gün olduğu şəraitdə seçkilərdə mövcud  iqtidarın alternativi olan, resursları qeyri-qanuni yollarla məhdudlaşdırılmış siyasi qüvvələr üçün əlavə çətinliklər yaradıb”. 

Müsavat Partiyası hesab edib ki, seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü təkliflər cavabsız qalıb: 

“Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib. Partiyadaxili strukturlarda aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq seçkidə iştirak etməmək barədə qərar qəbul edib”. 

Həmçinin açıqlamada qeyd olunub ki, ölkə başçısının 7 dekabr 2023-cü il tarixli sərəncamının Konstitusiyaya uyğun hüquqi əsasları yoxdur:

“Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar Prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə Prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib. Vətən müharibəsi və sonrakı dövrlərdə işğaldan azad olunmuş ərazilərdə cəmi 26 seçki məntəqəsi yaradılması və orada məskunlaşan əhali arasında cəmi 3400-ə qədər seçicinin olması ilk dəfə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi iddiasının həqiqətə uyğun olmadığını təsdiq edir”.

Partiya növbədənkənar Prezident seçkisinin azad və ədalətli olmadığını, BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab vermədiyini bildirib:

„Müsavat Partiyası seçkinin  nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə Prezident seçkilərinin keçirilməsini tələb edir“.

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 7 fevralda keçirilmiş növbədənkənar Prezident seçkisini “saxta seçki tamaşası” adlandırıb.

Təşkilat seçkidən bir gün sonra yaydığı bəyanatda qeyd edib ki, bəlli olan nəticəni səsvermə nəticəsi kimi elan etmək və rəsmiləşdirmək məqsədi ilə həyata  keçirilən bu seçkilər minimum demokratik standartlara cavab verməyib.

Milli Şura seçkinin xalqın iradəsini əks etdirmədiyini, kütləvi inamsızlıq və boykot şəraitində keçdiyini bildirib:

“Seçkidə inzibati resurslar hesabına cəlb edilmiş az sayda insanlar öz azad iradələri ilə deyil, məcbur edilərək iştirak ediblər. Əldə olunan məlumatlar da təsdiq edir ki, təhsil müəssisələrindən tutmuş, dövlət orqanlarında çalışanlara, özəl sektorda işləyən ən müxtəlif təbəqələrdən olan şəxslərə qədər çox sayda insana səsvermə məntəqələrinə getmək üçün inzibati resurslardan istifadə edilərək təzyiq göstərilib. Buna baxmayaraq yenə də seçici fəallığını təmin edə bilməyən rejim cəmiyyət və müxalifətin birgə boykot etdiyi seçki tamaşasında kütləvi iştirak görüntüsü yaratmaq üçün xüsusi hazırlanmış mütəşəkkil dəstələrin “karusel” qaydasında təkrar-təkrar müxtəlif məntəqələrdə səsverməsini təşkil edərək guya insanların seçkidə iştirakı görüntüsünü yaratmağa çalışıb və bununla da öz saxtakar mahiyyətini nümayiş etdirib. Aydındır ki, belə bir kütləvi boykot və saxtakarlıq şəraitində keçirilən seçkinin nəticələrinə əsaslanaraq MSK-nın elan etdiyi nəticələr Azərbaycan xalqının iradəsini və seçimini əks etdirə bilməz”.

“İstənilən seçki nəticəsinin legitimliyi seçki prosesində maraqlı tərəflərin iştirak və sərbəst  rəqabət imkanlarına sahib olmasına, bütün tərəflər üçün ədalətli yarış şərtlərinə bağlıdır. Ancaq 7 fevralda keçirilən saxta Prezident seçkisi namizədlər arasında heç bir rəqabət olmadan, maraqlı tərəflərin seçki yarışına qatılmasına imkan verilmədən, fəaliyyət azadlıqları zorakı qadağalarla məhdudlaşdırılaraq keçirilib. Milli Şura, AXCP və Müsavat Partiyasının boykot qərarı verilərkən eyni zamanda Azərbaycan xalqının da belə bir seçki prosesində iştirak etmək istəməməsi və nəticələri öncədən bilinən bu seçki oyununa inamsızlığı da nəzərə alınmışdı”, – deyə bəyanatda qeyd olunub.

Milli Şura xalqa çağırış edib:

“Biz Azərbaycan xalqına müraciət edərək onun iradəsini saxtalaşdıran, səsini oğurlayan, milli iradəsini tapdayıb saxta seçki yolu ilə dövlət hakimiyyətini qəsb edən İlham Əliyevin  qanunsuz, qeyri legitim hakimiyyətinə qarşı etiraz etməyə və demokratik seçkilər  uğrunda mütəşəkkil mübarizəyə qoşulmağa çağırırıq”.

III Respublika Platformasının Qurucu Heyətinin sədri Akif Qurbanov seçkinin elan olunan nəticələrini gözlənilməz saymayıb. Onun sözlərinə görə, tamamilə qeyri-legitim proses əsasında  keçirilən seçkidə səsvermə günü necə olmasından asılı olmayaraq nəticə dəyişmir və əhəmiyyətsizdir:

“İlham Əliyev hər şeyə şəksiz nəzarət etdiyi bir halda belə populyar dəstək əldə edə bilmədi”.

“Xalqın etimadına əsaslanan yeni mandat yoxdur. Tək Adam rejiminin staqnasiyası davam edir. Ölkədəki problemlərin həll yolu siyasidir. Ona görə də önümüzə baxmalıyıq. Vətəndaşlar olaraq problemləri həll etmək üçün bundan sonra siyasi məsələlərə aktiv reaksiya verməliyik və iştirakçı olmalıyıq”, – deyə Qurbanov bildirib.

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov hakim partiyanın namizədini təbrik etdi:

Foto: Meydan TV

“Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş Prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram”.

Prezidentliyə namizədlər Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Elşad Musayev və Fuad Əliyev seçki gününün səhərisi dövlət başçısı İlham Əliyevə zəng edərək onu təbrik etdiklərini bildiriblər.

Ölkə başçısı İlham Əliyev seçkidə xalqdan aldığı dəstəyə görə təşəkkürünü ifadə edib və bildirib ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə verdiyi vədləri yerinə yetirib:

“2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.

Prezident seçkilərindən bir neçə gün sonra Meydan TV-nin sorğusunda iştirak edən paytaxt sakinləri isə artıq beşinci müddətə yenidən seçilən Prezidentdən maaşların və pensiyaların artırılmasını, işsizliyin aradan qaldırılmasını, təhsilin səviyyəsinin yaxşılaşdırılmasını və “vətəndaşlar üçün minimum həyat səviyyəsi” istəyiblər.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Noticias

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button